İQTİSADİYYAT
Bölgələrdə logistika mərkəzləri yaradılacaqdır
Bakı, 1 yanvar (AZƏRTAC). Yaxın illərdə Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək üçün ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətinin inkişaf etdirilməsi, bölgələrdə logistika mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaqdır.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdiriləcək, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyası genişləndiriləcək, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyəti artırılacaq, sərnişindaşıma sahəsində gediş haqqının ödənilməsi ilə bağlı müasir texnologiyaların tətbiqi reallaşdırılacaqdır. Bununla əlaqədar avtomobil, dəmir yolu, su, hava nəqliyyatı və yeraltı nəqliyyat (metro) sahəsində vahid strateji yanaşmanı əks etdirən ümumiləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.