REGİONLAR
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının iştirakçıları Lənkəranda
Lənkəran, 27 iyun, Bağır Əliyev, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalının iştirakçıları Masallıdan sonra Lənkəranda olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mübadilənin gücləndirilməsidir.
Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar.
Sonra hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər.
Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi şərəfinə gerçəkləşən festival ilk dəfə bütün regionlarımızı əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin yaradacaq.
“Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına Bakıda yekun vurulacaq.