İDMAN
Bolqarıstanda keçirilən dünya çempionatında Azərbaycan gimnastları qrup halında çıxışlara başlayır
Bakı, 15 sentyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtında keçirilən bədii gimnastika üzrə dünya çempionatında qrup halında çıxışlar başlanır.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, bu gün qruplar çoxnövçülükdə çıxış edəcək. Siyana Vasileva, Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətovadan ibarət komandamız əvvəlcə beş halqa ilə kompozisiya təqdim edəcək, sonra üç top və iki iplə hərəkətlər nümayiş etdirəcək.
Qeyd etmək lazımdır ki, çoxnövçülüyün mükafatçıları Olimpiadaya lisenziya alacaqlar. Sofiyada keçirilən dünya çempionatında Azərbaycanın bədii gimnastika üzrə yığması komanda hesabında doqquzuncu yeri tutub. Birinci yerdə Rusiya yığması, sonra Bolqarıstan və İtaliya komandaları qərarlaşıb.
Çempionatda ümumilikdə 36 komanda çıxış edir.