DÜNYA
Bolqarıstanda keçirilən seçkilərdə sabiq Baş nazir Boyko Borisovun partiyası qalib gəlib
Sofiya, 3 oktyabr, AZƏRTAC
Bolqarıstanın keçmiş Baş naziri Boyko Borisovun “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” (GERB) partiyası Demokratik Qüvvələr İttifaqı (SDF) ilə koalisiyada keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib.
AZƏRTAC xəbər verir ki, seçkilərdə fəallıq son məlumatlara görə, təxminən 37 faiz təşkil edib. Agentliyin hesablamalarına görə, seçicilərin 25,5 faizi GERB-SDF-yə səs verib. Bolqarıstanın keçmiş Baş naziri Kiril Petkovun “Dəyişiklikləri davam etdirin” partiyası 19,9 faiz səslə ikinci yeri tutub. Üçüncü yerdə 14,4 faiz səslə “Hüquq və Azadlıqlar Hərəkatı” qərarlaşıb.
Qeyd edək ki, Bolqarıstanda sonuncu parlament seçkiləri 2021-ci ilin noyabrında keçirilib. Avqustda Bolqarıstan Prezidenti Rumen Radev parlamenti buraxıb və erkən səsvermənin keçiriləcəyini elan edib. 2021-ci ildə ölkədə üç dəfə parlament seçkiləri keçirilib. Əsas mübarizə 2009-cu ildən ölkəni fasilələrlə idarə edən GERB partiyası ilə korrupsiyaya qarşı mübarizə kursu elan edən, Avropa İttifaqı və NATO ilə əlaqələri möhkəmləndirməyi təklif edən partiyalar arasında gedirdi.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya