SİYASƏT
Bosniya və Herseqovinada Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Sarayevo, 30 may, AZƏRTAC
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Bosniya və Herseqovinada fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, parlamentin, ictimai, mədəni və işgüzar dairələrin, Sarayevoda yerləşən tədqiqat mərkəzlərinin, KİV-lərin rəhbərləri və təmsilçiləri, bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.
Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev tədbirdə çıxış edərək, yaradılmasının 105-ci ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik yolu haqqında danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil, suveren və demokratik ölkəmizin Cümhuriyyətin arzu və ideallarını reallığa çevirdiyini, beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Azərbaycan-Bosniya və Herseqovina münasibətləri haqqında məlumat verən diplomat yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətindən və ikitərəfli əməkdaşlığın inkişafından danışıb.
Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulanıb. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri aparır, ölkəmiz Avropa İttifaqının etibarlı enerji təminatçısına çevrilib. Bildirilib ki, bu gün Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Tədbirin bədii hissəsində Ankara Musiqi və Gözəl Sənətlər Universitetində təhsil alan həmyerlimiz Afaq İsmiyeva kamançada və royalda Azərbaycan mahnıları ifa edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo