ELM VƏ TƏHSİL
Botanika İnstitutunun əməkdaşları beynəlxalq vebinarda sertifikata layiq görülüblər
Bakı, 26 fevral, AZƏRTAC
Botanika İnstitutunun rəhbərliyi və əməkdaşları İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi (COMSTECH) tərəfindən təşkil olunan “Favikovirin tarixi: COVID-19 müalicəsi üçün yerli dərmanın icadı” adlı vebinarda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, vebinarda Tibb Elmləri və Texnologiya Elmi-Tədqiqat İnstitutunun Dərmanların Kəşfi və İnkişafı üzrə Tədqiqat Mərkəzinin direktoru, professor Mustafa Güzelin məruzəsi dinlənilib. Tədqiqatçı çıxışında qısa müddətdə “Favikovir” preparatının uğuru və yerli lisenziyalaşdırılması barədə məlumat verib. Qeyd edib ki, COVID-19-un müalicəsində istifadə olunan “Favipiravir” preparatının yerli sintezi Türkiyənin Səhiyyə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Türk Elmi və Texniki Tədqiqat Şurası (TÜBİTAK), İstanbul Medipol Universiteti və Atabay Əczaçılıq şirkəti ilə əməkdaşlıq nəticəsində həyata keçirilib. Yerli dərmanın sintezi cəmi 40 gün ərzində professor Mustafa Güzel və Zeynep Atabay koordinatorluğu ilə 32 nəfərlik qrup tərəfindən reallaşdırılıb.
Vebinarın sonunda Botanika İnstitutun direktoru, akademik Validə Əlizadə, elmi işlər üzrə direktor müavini, professor Eldar Novruzov, kiçik elmi işçi Aydan Zeynalova və Aygün Bağırovaya COMSTECH-in ümumi koordinatoru, professor İqbal Choudhary tərəfindən sertifikat təqdim olunub.