MƏDƏNİYYƏT
Boyalarla daşlara can verən rəssam
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5-də 5 saylı Bakı “ASAN xidmət” mərkəzində memar-rəssam Aygün Abdullayevanın “Daşlanmış rənglər” adlı fərdi yaradıcılıq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə müəllifin daşlar üzərində bir-birindən maraqlı təsvirləri əks etdirdiyi 40 əl işi nümayiş olunub. Bir il ərzində hazırladığı əl işlərində daşlarla bərabər, şüşə və balıqqulaqlarından da istifadə edib.
Qeyd edək ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin məzun könüllüsü olan Aygün Abdullayeva 1993-cü ildə Sumqayıtda dünyaya gəlib. 2013-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin dizayn fakültəsinə qəbul olub. Hazırda 4-cü kurs tələbəsidir. Uşaqlıqdan rəssamlığa həvəsi olan Aygün Abdullayevanın xəyallarla dolu rəngli, sehrli bir dünyası var. Hətta cansız soyuq daşları belə rəngarəng görə bilir. Onları müxtəlif rənglərlə boyamaqla sanki can verir.
Çay daşları üzərində çəkilmiş rəsmlərdən ibarət sərgi avqustun 6-da da açıq olacaq.