CƏMİYYƏT
Böyük Britaniya səfiri ölkəmizdəki multikulturalizm və tolerantlıq mühiti barədə məlumatlandırılıb
Bakı, 6 fevral, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarpı ilə görüşüb.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dünya siyasətində yeni bir mərhələnin başlanğıcı olduğunu və bu qərarın İngiltərə xalqı üçün xeyirli olacağına inandığını bildirib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İngiltərəyə səfərlərini, ölkənin dini liderləri ilə görüşlərini, xüsusilə 2016-cı ildə Londonda keçirilən beynəlxalq konfransda iştirakını xatırladan QMİ sədri qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əlaqələr yüksək səviyyədədir və bu münasibətlər dövlət başçılarının səyi nəticəsində inkişaf edir.
Şeyxülislam Azərbaycanda din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq mühiti barədə qonağa ətraflı məlumat verib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi iradənin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyini bildirib.
Ötən ilin noyabrında Bakıda keçirilən Dünya dini liderlərinin II Sammiti barədə danışan Allahşükür Paşazadə bildirib ki, Zirvə Toplantısında 70-dən çox dövlətin, o cümlədən Böyük Britaniyanın, 10-dan çox nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın nümayəndəsi iştirak edib. O, II Bakı Sammitini Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoqa verdiyi mühüm töhfələrdən olduğunu qeyd edərək, Zirvə Toplantısında qəbul olunan Bakı Bəyannaməsini əhəmiyyətli sənəd adlandırıb.
Allahşükür Paşazadə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə bu il Avropanın müxtəlif ölkələrində nifrət çağırışlarına qarşı mübarizə mövzusunda beynəlxalq konfransların keçirilməsinin planlaşdırıldığını da diqqətə çatdırıb.
Azərbaycan xalqının Ermənistanın işğalına məruz qaldığını, silahlı münaqişə nəticəsində dini və tarixi abidələrimizin dağıdıldığını xatırladan Allahşükür Paşazadə bildirib ki, rəsmi Yerevanın bu siyasəti bütün regionda sülhə və sabitliyə ciddi təhlükə yaradır. Böyük Britaniyanın digər dövlətlərlə birgə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün daha ardıcıl siyasət yürüdəcəklərinə, münaqişənin sülh yolu ilə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə inamını ifadə edib.
Səfir Ceyms Layl Şarp Şeyxülislam Allahşükür Paşazadənin regionda və dünyada sülhün, sabitliyin bərpasındakı xidmətlərini yüksək qiymətləndirib, onunla görüşdən məmnun qaldığını bildirib.
Sonda səfirə xatirə hədiyyəsi və Qafqaz Müsəlmanları İdarəsinin son illərdəki fəaliyyətini əks etdirən kitablar hədiyyə olunub.