CƏMİYYƏT
Braziliyalı ictimai fəal “CRONIMET” şirkətindən Oxçuçayın çirkləndirilməsinə son qoymasını tələb edib
Bakı, 7 iyul, AZƏRTAC
Braziliyada yaşayan və Azərbaycanı sevməsi ilə fərqlənən ictimai fəal Andreia Hiromi ölkəmizin ərazisindən keçən Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq Almaniyanın “CRONIMET” şirkətinin Braziliyadakı nümayəndəliyinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə şirkətin ətraf mühitin qorunması kimi mühüm məsələdə məsuliyyətsiz davranış nümayiş etdirməsinə diqqət cəlb olunub. Səhmlərinin böyük hissəsinin Almaniyanın “CRONIMET” şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatının istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya buraxması və ekoloji standartlara riayət etməməsi nəticəsində Azərbaycan ərazisində flora və faunaya, eləcə də insan sağlamlığına böyük təhlükə yarandığı vurğulanıb.
Mətndə vurğulanıb ki, Andreia Hiromi “CRONIMET” şirkətini ekoloji cinayətə göz yummamağa, ətraf mühitin qorunmasına dair öhdəliklərini yerinə yetirməyə və Oxçuçayın çirkləndirilməsinə son qoymağa çağırıb.
Eyni zamanda, Braziliyanın https://brasiliainfoco.com xəbər saytında Ermənistan və Almaniya şirkətlərinin Azərbaycan ərazisindən keçərək Araz çayına tökülən Oxçuçayda ekoloji cinayət törətməsi barədə məqalə yerləşdirilib.
Braziliyalı jurnalist Fabiana Ceyhanın qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dörd çaydan götürülmüş su nümunələri Almaniyanın SGS laboratoriyasında analiz edilib. Nəticədə 4 çayın hamısının Ermənistan tərəfindən əhəmiyyətli dərəcədə çirkləndirilməyə məruz qaldığı, Oxçuçayda isə ekoloji fəlakətin yaşandığı aşkarlanıb. Azərbaycan tərəfinin həmin şirkətlərin fəaliyyətinin dayandırılmasını tələb etdiyi nəzərə çatdırılıb.