DÜNYA
Britaniyalı 20 dollara aldığı qədim çaydanı 800 min dollara satıb
Bakı, 22 fevral, AZƏRTAC
Böyük Britaniyadan olan kolleksiyaçının 20 dollara aldığı dəm çaydanı hərracda 800 min dollara satılıb.
AZƏRTAC xəbər verir ki, “Independent” qəzetinin məlumatına görə, çaydan hərraca çıxarılan zaman təxminən 70 min dollara satılacağı güman olunurdu. Hərracın yekununda isə ona 800 min dollar verən tapılıb.
Britaniyalı həmin çaydanı 2016-cı ildə qulpu qırıq və qapaqsız vəziyyətdə satın alıb. Onun 1766-1800 illər arasında Midlseks qraflığında hazırlandığı ehtimal olunur. Lakin 30 ildir keramikanın tədqiqi ilə məşğul olan alıcı əşyanın mənşəyindən şübhələnib və onu “Woolley and Wallis” firmasının hərrac-ekspertinə göstərib. Ekspert çaydanın 1763-cü ildə İngiltərədən Cənubi Kaliforniyaya gələn Con Bartlem adlı dulusçu tərəfindən hazırlandığını müəyyən edib.
Bartlemin hazırladığı məmulatlara bazarda nadir rast gəlinir. Əvvəllər bu dulusçunun əl işi olan cəmi 6 əşya məlum idi. Bu isə həmin məmulatlar arasında ilk dəm çaydanıdır.