SİYASƏT
Britaniyanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
Bakı, 26 may, AZƏRTAC
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Karol Krofts etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Karol Kroftsu Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Karol Krofts ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Enerji sahəsində əməkdaşlığın vacibliyini vurğulayan tərəflər Azərbaycan ilə BP şirkətinin uzunmüddətli və etibarlı tərəfdaşlığının nümunəvi xarakter daşıdığını bildiriblər. Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əlaqələrin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Vyana görüşünün mərhələli əsasda hərtərəfli və substantiv proses üçün əlverişli imkanlar yaratdığını söyləyib. O, Ermənistanın təhriki və təxribatı ilə aprelin əvvəllərində baş vermiş gərginliyin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bir daha sübut etdiyini diqqətə çatdırıb. Nazir status-kvonun dəyişdirilməsinin, münaqişənin həllində inkişafa nail olmaq üçün işğal faktına son qoyulmasının və Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini qeyd edib.