ELM VƏ TƏHSİL
“British Council” təşkilatı “Big Idea Challenge” müsabiqəsinin qaliblərini elan edir
Bakı, 22 iyul, AZƏRTAC
“British Council” təşkilatı “Creative Spark” proqramının 2022-ci ildə keçirilən “Big Idea Challenge” müsabiqəsinin qaliblərini elan edir.
Bu barədə AZƏRTAC-a “British Council” təşkilatından məlumat verilib. Bildirilib ki, “British Council” müsabiqəni keçirmək üçün Birləşmiş Krallığın London Metropoliten Universiteti ilə tərəfdaşlıq edib. “Creative Spark” proqramının “Big Idea Challenge” müsabiqəsi “British Council”ın sahibkarlığın əsas prinsiplərini və ideyanın konsepsiyadan reallığa qədər inkişaf etdirilməsi yollarını öyrətmək üçün nəzərdə tutulmuş 60 saniyəlik videomüsabiqəsidir. Müsabiqə minlərlə 18-35 yaşlı gəncə biznes ideyalarını və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı verir. Platforma, eyni zamanda, gənc sahibkarların profillərini inkişaf etdirməsi və karyera perspektivlərində irəli getməsinə kömək edir. Təhsil və yaradıcı sahibkarlıq sahəsində təcrübəyə malik milli və beynəlxalq münsiflərdən ibarət olan heyət doqquz finalçını seçir. Keçən il qaliblərin seçilməsi üçün 80 mindən çox insanın səs verməsi komandalara beynəlxalq məşhurluq qazandırıb. Müsabiqəyə Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri və Ukraynadan müraciət etmək mümkündür. British Council” son dörd il ərzində 1706 yeni biznes ideyası alıb, 132 ali təhsil və yaradıcılıq müəssisəsini dəstəkləyib və müsabiqələrimizdə iştirak edən komandalara 200 000-dən çox insanın səs verməsinə nail olub.
Azərbaycanda hər bir yarış kateqoriyasının qalibi payızdan başlayaraq fərdi biznes dəstəyi alacaq. Ölkə üzrə qalib (və ya ölkə üzrə qalib komanda) fərdi biznes dəstəyi və əlavə olaraq biznes ideyasını reallaşdırmaq üçün 1000 funt-sterlinq maliyyə dəstəyi alacaq.
Müsabiqə sosial təsir, yaradıcı düşüncə və rəqəmsal texnologiya kateqoriyaları üzrə təşkil olunur.
“British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bu mövzuda fikirlərini bildirib: “Biz Azərbaycandan və Birləşmiş Krallıqdan olan təşkilatlarla əməkdaşlıq etmək, “Creative Spark” proqramının tərkib hissəsi kimi Azərbaycandan olan tələbələr və onların yeni biznes ideyalarını dəstəkləmək və gənclərin inanılmaz yaradıcı istedadlarını açmaqdan qürur duyuruq”.
Qeyd edək ki, “British Council” təşkilatı “Creative Spark” proqramının icrasına 2018-ci ildən başlayıb və bu günə kimi minlərlə tələbə, məzun və gənc sahibkarın innovativ biznes ideyalarla yeni üfüqlərə doğru addımlamasını dəstəkləyib. Proqramın daha bir əsas məqsədi böyük potensiala malik olan və gənclərin işsizliyinin əsas problemlərdən biri olduğu ölkələrdə yaradıcı iqtisadiyyatı inkişaf etdirə biləcək yeni əməkdaşlıq imkanlarını dəstəkləməkdir. “British Council” bu məqsədlə ali təhsil müəssisələri və yaradıcı təşkilatların Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Birləşmiş Krallıqda tərəfdaşlıqlarını inkişaf etdirməsi üçün maliyyələşmə təmin edir.
Xatırladaq ki, “British Council” Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır. Bu təşkilat incəsənət və mədəniyyət, təhsil və ingilis dilindən istifadə edərək Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında əlaqələr, qarşılıqlı anlaşma və inam yaradır. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsini çatdırıb.