DÜNYA
Brüno Lö Mer: 2021-ci ildə Fransa iqtisadiyyatının yenidən dirçələcəyinə inanıram
Paris, 2 iyun, AZƏRTAC
2020-ci ildə Fransada ÜDM-in 11 faiz aşağı düşəcəyi gözlənilir. Bu il pandemiyaya görə iqtisadi sarsıntının son dərəcə sərt olmasına baxmayaraq, 2021-ci ildə yenidən dirçəliş olacağına inanıram.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa İqtisadiyyat naziri Brüno Lö Mer deyib. Nazir bildirib ki, COVID-19 pandemiyasına görə böyük boşluq yaranıb və ən çətin vəziyyət hələ qarşıdadır. Hökumət iqtisadi tənəzzülün nəticələri ilə bağlı yeni qiymətləndirmə aparıb və yeni büdcə layihəsi iyunun 10-da Nazirlər Şurasına təqdim ediləcək.
Nazir deyib ki, bir neçə gün əvvəl Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (İNSEE) ÜDM-in 8 faizdən çox düşəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. İqtisadiyyat Nazirliyi böhranla üzləşmiş turizm, avtomobil, hava yolları kimi bir çox müxtəlif sektorlarına dəstək planları həyata keçirib. İqtisadi sahənin yenidən bərpa edilməsi prosesinin sürətləndirilməsi ilə bağlı sentyabrda əlavə məlumat veriləcək. Bütün sektorlarda zəruri tədbirlər görüləcək. Hətta böyük rəqəmsal şirkətlər tərəfindən pulla alınmasın deyə, texnoloji startaplar üçün də dəstək planı hazırlanacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris