İDMAN
Bu gün Bakıda “Baku World Challenge”nin sərbəst sürüşlər üzrə yarışları başlamışdır VİDEO
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Bakıda FİA GT Series-in final mərhələsi - “Baku World Challenge”nin sərbəst sürüşlər üzrə yarışları başlamışdır. Yarış iki gün davam edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu çempionat ötən il Bakıda keçirilmiş “City Challenge”dən xeyli fərqlənir. “City Challenge” şou xarakterli olsa da, bu yarış FİA-nın rəsmi tədbiridir. Azərbaycanda keçirilən yarış bu çempionatın sonuncu mərhələsidir. Bundan əvvəl Fransa, Belçika, Hollandiya, Slovakiya və İspaniya mərhələləri keçirilmişdir. Yarışda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edir.
Çempionatda “Ferrari”, “Mclaren”, “Audi”, “Mercedes”, “Corvette”, “Lamborghini”, “Porsche”, “Nissan” kimi markaların mübarizəsini izləmək mümkün olacaqdır.
FİA GT seriyası yarışları Xəzər dənizi boyunca yaradılmış 4 kilometrlik, dünyanın ən hündür bayraqlarından biri yerləşən Dövlət Bayraq Meydanı ətrafından, həmçinin “Crystal Hall”ın yanından ötərək yarış dairəsi üzrə keçəcəkdir.