REGİONLAR
Bu gün İlaxır çərşənbədir – Xaçmazda çərşənbə bayramından reportaj VİDEO
Xaçmaz, 15 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 15-i xalq təqvimi ilə Novruz bayramı çərşənbələrinin dördüncüsü - Torpaq çərşənbəsidir. İnanca görə Su, Od və Yel çərşənbələrindən sonra gələn İlaxır çərşənbədə yer oyanır, torpaq nəfəs alır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramının bütün çərşənbələri Xaçmazda qədim adət-ənənələrə uyğun qeyd olunur. Rayonun Niyazabad kəndində keçirilən bayram tədbirində elimizin qədim adət-ənənələrini əks etdirən mərasimlər təşkil edilir, tamaşaçılara qədim folklor nümunələri təqdim olunur.
Mərasim boyu xüsusi bəzədilmiş faytonla kəndi gəzən milli geyimli gənclər bayramın başlanması barədə xəbər yayırlar. Kosa və Keçəl bayram tədbirinin iştirakçıları ilə yumurta döyüşdürərək, zarafatlaşır. Xalq oyunlarının təbliğ olunduğu səhnəciklərdə yeniyetmələr güləşib qol gücü sınayır, “Ənzəli” oynayırlar. Uşaqlar bayram tonqalı üstündən atlanaraq əylənirlər. Qadınlar isə sac üstündə yuxa bişirir, qovurğa qovurur, yun əyirib, xalça toxuyurlar.
Niyazabad Folklor Evinin direktoru Fərhad Qafarov bildirib ki, Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir.
“İlaxır çərşənbədə həyət-bacalarımızda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapı pusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır”, - deyə Fərhad Qafarov söyləyib.
İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.
İlaxır çərşənbənin və ümumiyyətlə, 4 çərşənbənin hər birinin ən ayrılmaz və əvəzolunmaz atributu tonqal qalamadır. İlaxır çərşənbədə daha böyük tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib, üzərindən tullanırlar.
Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə torpağın donu açılır, insanların ovqatı təzələnir, adamlar torpağı təmizləməyə çıxırlar. Artıq əkinə də başlamaq olar. Əslində elə Novruzun özü, torpağın oyanması yeni əkin mövsümünün başlanması ilə səciyyəvidir.
İlaxır çərşənbəniz mübarək olsun!