İDMAN


Bu gün UEFA Çempionlar Liqasının növbəti iki oyunu keçiriləcək

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirin son çempionu “Real Madrid” klubu Hollandiyanın “Ayaks” komandasının qonağı olacaq.

“Ayaks” qrup mərhələsini 2-ci yerdə başa vursa da, 6 oyunun heç birində uduzmayıb – 3 qələbə, 3 heç-heçə.

Amsterdam təmsilçisi son vaxtlar qeyri-stabil çıxışı ilə diqqət çəkir. Komanda “Feyenoord”a səfərdə 2:6 uduzduqdan sonra evdə “Venlo”ya 6 top vurub. Sonuncu turda isə rəqib meydanında “Herakles”i tək qolla məğlub olub.

“Real Madrid” ötən həftə İspaniya kubokunda “Barselona”ya qarşı ilk yarımfinal oyununu keçirib və səfərdə sərfəli nəticə qazanıb – 1:1. Bunadək isə madridlilər ardıcıl 5 matçda qalib gəliblər. Santyaqo Solarinin baş məşqçi olduğu komanda İspaniya La Liqasının sonuncu turunda “Atletiko Madrid”i 3:1 hesabı ilə üstələyib.

Ölkə çempionatında 23 turdan sonra 45 xal toplayan “Real Madrid” turnir cədvəlində ikinci sırada qərarlaşıb və lider “Barselona”dan 6 xal geri qalır. “Kral klubu” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə qrup qalibi kimi vəsiqə qazanıb.

Komandaların heç birinin heyətində cəzalı futbolçu yoxdur. Lisandro Maqalyan zədə səbəbindən “Ayaks”a kömək edə bilməyəcək. “Real Madrid”də isə Markos Lyorente zədəlidir. İsko və Xesus Valyexonun vəziyyəti isə sual altındadır.

Günün digər görüşü İngiltərədə keçiriləcək. “Tottenhem” klubu Almaniyanın “Borussiya Dortmunt” komandasını qəbul edəcək.

Cari mövsümdə iki turnirdə - İngiltərə Liqa Kuboku və İngiltərə Kubokunda mübarizəni dayandıran London təmsilçisi Premyer Liqada keçirdiyi ardıcıl 3 oyunda qalib gəlib. Maurisio Pocettinonun rəhbərlik etdiyi kollektiv evdə “Vatford” (2:1), “Nyukasl Yunayted” (1:0) və “Lester Siti”i (3:1) üstələyib.

Ölkə çempionatının turnir cədvəlində 60 xalla 3-cü pillədə qərarlaşan “Tottenhem” “Liverpul” və “Çelsi”dən 5 xal geri qalsa da, qızıl medallardan əlini üzməyib. UEFA Çempionlar Liqasının pley-off mərhələsinə qrup ikincisi kimi yüksələn paytaxt komandası qitənin ən nüfuzlu klub turnirində yoluna davam etməyi hədəfləyib.

Lyusyen Favrın baş məşqçisi olduğu komanda Almaniya Kubokunun üçüncü mərhələsində “Verder”ə uduzub (3:3, pen. 2:4), Bundesliqada isə “Ayntraxt” (1:1) və “Hoffenhaym”la (3:3) heç-heçə edib. Buna baxmayaraq, Dortmund klubu ölkə çempionatında 21 turdan sonra 50 xalla liderdir və ən yaxın izləyicisi “Bavariya”nı 5 xal qabaqlayır.

“Borussiya” pley-offa qrup qalibi kimi vəsiqə qazanıb və keçirdiyi 6 oyunda cəmi 2 qol buraxıb.

Komandaların heyətində cəzalı futbolçu olmasa da, “Tottenhem” zədəli Harri Keyn və Dele Allinin xidmətindən yararlana bilməyəcək. Ben Devisin vəziyyəti isə sual altındadır. Dortmund təmsilçisi İngiltərənin “Tottenhem” klubuna qarşı oyunda hücumçular Marko Reus, Pako Alkaser, yarımmüdafiəçi Yulian Vayql və müdafiəçi Lukaş Pişekin xidmətlərindən yararlana bilməyəcək. Belə ki, Marko Reus Almaniya kubokunun dörddəbir final mərhələsində “Verder”lə görüşdə zədələnib. Həmçinin Lukaş Pişek də ayağından aldığı zədəyə görə meydana çıxa bilməyəcək. Pako Alkaser və Yulian Vayql isə xəstəlikləri səbəbindən matçda iştirak etməyəcəklər.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu martın 5-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.