ELM VƏ TƏHSİL
Bu il AzMİU-nu seçən abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə artıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bilik günü münasibətilə tədbir keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tələbələri, professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edən professor Gülçöhrə Məmmədova Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətini artırmaq üçün aparılan islahatlardan danışıb. Rektor builki qəbul prosesinə toxunaraq yüksək balla universitetə daxil olub tələbə adını qazanan abituriyentləri də təbrik edib. Qeyd edib ki, 2017/2018-ci tədris ili üçün AzMİU-nun ali təhsilin bakalaviriat səviyyəsində 8 fakültəsinə 25 ixtisas üzrə 1725 plan yeri ayrılıb. Bu yer üzrə 1607 abituriyent qəbul olaraq tələbə adını qazanıb. Onlardan 555-i dövlət sifarişi, 1052-si isə ödənişli əsaslarla təhsil alacaq. Bu il AzMİU-nu seçən abituriyentlərin sayı keçən illərlə müqayisədə daha da artıb. Keçən il universitetin qəbul planı 84 faiz, bu il isə 93,2 faiz yerinə yetirilib. Qəbul imtahanında ən yüksək bal toplayan Mətadnət Qurbanova 650 balla universitetin memarlıq fakültəsinin ingilis dilli qrupuna daxil olub. 500 baldan yüksək nəticə göstərən 40 nəfər də AzMİU-nu seçib. Bütün bunlar bir daha təsdiqləyir ki, universitetdə bütün ixtisaslara daha savadlı, bacarıqlı abituriyentlər qəbul olunublar. AzMİU-nun magistratura pilləsində də qəbul göstəriciləri yüksək olan 220 bakalavr magistr adını qazanıb.
AzMİU-nun keçmiş məzunu, Milli Məclisin deputatı Aydın Mirzəzadə tələbələri dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar diləyib.
Tədbirdə bu il birinci kursa qəbul olunan tələbələr də çıxış edərək qazandıqları uğurlara görə təhsil aldıqları təhsil ocaqlarına minnətdarlıqlarını bildiriblər, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim olunub, onlarla xatirə şəkli çəkilib.