İQTİSADİYYAT


Bu il “Cənub Qaz Dəhlizi” üzrə layihələrə 1,7 milyard dollaradək investisiya qoyulub

Bakı, 19 sentyabr, Nihad Budaqov, AZƏRTAC

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 95,9 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 89,8 faizi, Trans-Anadolu (TANAP) boru kəmərinin inşası üzrə işlərin 80 faizi, Trans-Adriatik (TAP) kəmərinin inşası üzrə işlərin 50,7 faizi icra edilib.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib. O qeyd edib ki, cari ilin əvvəlindən sentyabrın 15-dək “Cənub Qaz Dəhlizi” layihələrində CQD-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 1 milyard 671 milyon dollar məbləğində investisiya qoyulub.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, CQBKG, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.