REGİONLAR
Bu il Neftçalanın ümumtəhsil məktəblərində 10 mindən çox şagird təhsil alacaq
Neftçala, 12 sentyabr, Mahir Babayev, AZƏRTAC
Son illərdə Neftçalada 6 məktəb binası tikilib, 3 məktəb binası isə əsaslı təmir olunaraq pedaqoji kollektivlərin istifadəsinə verilib. Təkcə ötən il rayonun ayrı-ayrı kəndlərində 5 modul tipli məktəb binası quraşdırılıb. Prezidentin sərəncamı ilə bu il daha 7 modul tipli məktəb binasının quraşdırılması nəzərdə tutulub. Artıq Pirəppə kəndində modul tipli məktəb binasının inşası başa çatıb. Qaraqaşlı kəndində isə tikinti ilin sonuna kimi başa çatdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Neftçalada keçirilən müəllimlərin ənənəvi sentyabr konfransından danışılıb.
Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov 2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin xeyli yüksəldiyini diqqətə çatdırıb, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, yeni dərs ilində rayonun 50 ümumtəhsil məktəbində 10 min 64 şagird təhsil alacaq və 1125 müəllim onların təlim-tərbiyəsi ilə məşğul olacaq.
Diqqətə çatdırılıb ki, 2017-2018-ci tədris ilində rayon üzrə təhsilini başa vuran 618 şagirddən 290 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 219 nəfəri qəbul imtahanlarını müvəffəqiyyətlə verərək ali və orta ixtisas təhsili məktəblərinə qəbul olub. Tələbə adını qazanan məzunlardan 42 nəfəri 500-600 arası, 14 nəfəri isə 600-dən çox bal toplayıb.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev müəllimləri təbrik edib, yeni dərs ilində onlara nailiyyətlər arzulayıb.
Tədbirdə yeni dərs ilində qarşıda duran vəzifələr də müzakirə olunub.
Sonda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan 16 məzuna rayon icra hakimiyyətinin hədiyyələri və fəxri fərmanları verilib.