REGİONLAR
Bu il Qaxda 455 hektarda tütün əkini proqnozlaşdırılır
Qax, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 455 hektar sahədə tütün əkini nəzərdə tutulur. Qaxlı fermerlər cari təsərrüfat ilində 425 hektar sahədə “Virciniya botaniki” və 30 hektarda digər növ tütün yetişdirəcəklər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün fermerlər tərəfindən fevralın əvvəllərində sadə istixanaların hazırlanmasına başlanılacaq. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.
Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 496,4 hektar sahədən 755 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 202,3 ton artıb.