REGİONLAR
Bu il Şəkidə quru tütün istehsalının 4 min tona çatacağı gözlənilir
Şəki, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. İndiyədək rayonda 3460 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 520 tonu bu günədək istehsalçılar tərəfindən tədarük müəssisələrinə satılıb və hazırda proses davam edir. Builki mövsümdə rayonda quru tütün istehsalının 4 min tona çatacağı gözlənilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, bu il Şəki rayonunun təsərrüfatlarında 1241 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 383 hektar sahədə “Virciniya botaniki”, 858 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 133 hektar artıb. Hazırda rayonda tütünçülüklə 350-dək fermer məşğul olur. Tütünçülük təsərrüfatlarında 1200 nəfərdən çox kənd sakininin məşğulluğu təmin edilib. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 246 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3 min 815 ton quru tütün əldə ediblər.