İQTİSADİYYAT
Bu il dünyada istifadə edilən smartfonların sayı 3 milyarda yaxınlaşacaq
Bakı, 12 avqust, AZƏRTAC
“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, cari ildə dünyada istifadə edilən smartfonların sayı 3 milyarda yaxınlaşacaq. Dörd il bundan əvvəl bu göstərici 1 milyard idi. İki il sonra istifadə edilən "ağıllı" mobil telefonların sayı 2 milyard təşkil edib.
AZƏRTAC “dailycomm.ru” saytına istinadla xəbər ki, mütəxəssislər cari ildə istifadəçilər tərəfindən istifadə edilən smartfonların sayının daha 13 faiz artaraq 3 milyard təşkil edəcəyini proqnozlaşdırır. 2020-ci ildə bu göstərici 4 milyardı ötəcək.
Dünyada “Android” sistemi ilə işləyən aparatlara tələbat yüksəkdir. “iOS” sistemi populyarlığa görə ikinci yerdə qərarlaşıb, ən böyük smartfon istehsalçısı olan “Samsung Electronics” şirkətinin “Tizen” mobil əməliyyat sistemi qarşıdakı 6 ildə ən sürətli inkişaf edən mobil platformalardan biri olacaq.
“Strategy Analytics” şirkətindən bildirilib ki, təxminən 2018-ci ildə Çində “Linux” sistemi əsasında yaradılmış şəxsi əməliyyat sistemləri istifadəyə veriləcək.