REGİONLAR


Bu il keçən illə müqayisədə üzümün alıcısı çoxdur – Cəlilabaddan reportaj VİDEO

Cəlilabad, 15 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Cəlilabadda salınan İtaliya mənşəli yeni üzüm bağları artıq öz məhsuldar dövrünü yaşayır. Yığım mövsümü başlayandan bu günədək bağlardan toplanan bol məhsulun 700 tona yaxını emal müəssisələrinə, 7 min tonu daxili bazarlara, 30 tondan çoxu Rusiya bazarlarına ixrac olunub.

AZƏRTAC xəbər verir ki, Cəlilabadda dadı kimi adı da dillər əzbəri olan Həməşərə, Bayanşirə, Mədrəsə, Ağşanı, Qaraşanı və digər yerli üzüm sortları ilə yanaşı, xarici ölkələrdən gətirilən məhsuldar sortlar da yetişdirilir. İtaliya mənşəli Kardinal, Red qlob, Palieri, Prima, Atika kimi süfrə üzüm sortları bu torpaqlarda tez yetişməsi ilə fərqlənir.

Mütəxəssislər bu sahənin inkişaf etdirilməsinin vacibliyini həm də, üzümün hər hektarından əldə edilən gəlirin, digər kənd təsərrüfatı məhsullarından əldə olunan gəlirdən üstün olması ilə izah edirlər.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Mübariz Nadirov bildirib ki, üzümçülük rayon iqtisadiyyatının əsas sahələrindən biridir. “Rayonumuzda 1400 hektar sahədə üzüm becərilir. Üzümçülük əsas etibarı ilə rayonumuzda iki istiqamətdə texniki və süfrə sortlarından ibarətdir. 500 hektar sahədə texniki, 900 hektarda isə süfrə sortu əkilib. Artıq iki aya yaxındır ki, sahələrdən məhsul toplanılır. Bu günə qədər 7000 tona yaxın məhsul istehsal olunub, 693 ton məhsul şərab istehsalı üçün zavodlara təhvil verilib”, - deyə o bildirib.

Hazırda pandemiya qaydalarına əməl olunmaqla rayonda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək məqsədilə yeni süfrə və texniki üzüm sortlarının əkin sahələri genişləndirilir, xarici investorlar cəlb edilir. Builki məhsuldarlıq fermerlərin də ürəyincədir. Fermer Əyyar Hacıyev deyib: “60 hektara yaxın sahəm var. Bu sahədə 16 növ sort becərilir. O, sortlardan birincisi məhsula başladığımız Prima sortu oldu. İndi isə İtaliyadan gətirilən sort əkmişik. Ötən il məhsulumuz bol idi. Ancaq alıcı qüvvəsi az idi. Bu il keçən illə müqayisədə alıcı çoxdur. Ötən il bu üzümün təxminən yarısını şərab zavoduna vermişdik. Ancaq bu il alıcı qüvvəsi çox olduğundan hələ bazarlara çıxarılır. Bundan başqa, Rusiyaya da üzüm göndəririk”.

Ötən il üzüm bağlarından 10 min tona yaxın, yaxud hər hektardan 95 sentner məhsul toplanılıb. Builki proqnoz isə 100 sentnerdən artıq olacağını göstərir. Dövlətin təsərrüfat adamlarına göstərdiyi xüsusi diqqət və qayğı son illər rayonda üzümçülük sahəsində canlanmaya səbəb olub. Belə ki, 2020-ci ildə 200 hektardan artıq yeni salınan üzüm bağlarına görə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçən fermerlərə 12 min manatdan çox subsidiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.