REGİONLAR
Bu ilin ötən dövründə muxtar respublikada 112 istehsal və xidmət sahəsi yaradılıb
Naxçıvan, 23 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr ayları ərzində iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına muxtar respublikada 112 istehsal və xidmət sahəsi istifadəyə verilib, 58 sahənin yaradılması davam etdirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yeni istehsal sahələri muxtar respublika iqtisadiyyatında əlavə dəyər yaratmaqla yanaşı, regionların inkişafının sürətləndirilməsinə və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir. Belə ki, müxtəlif istiqamətlər üzrə yaradılan yeni sahələrdə 415 yeni iş yeri açılıb, 650 yeni iş yerinin açılması istiqamətində işlər davam etdirilib.
Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı biznes mühitinin yaxşılaşdırılması, yeni iş yerləri yaradılmasının göstəricisi olmaqla, bu sahədə həyata keçirilən uzunmüddətli işlərin nəticəsidir. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 123 layihənin maliyyələşdirilməsinə 13 milyon 700 min manatdan çox güzəştli kredit vəsaiti ayrılıb, həmin vəsaitlər sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunub.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir. Son illərdə 400-dən çox sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 384 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir.
Bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi fəallıqda əsas yeri kiçik və orta sahibkarlıq subyektləri tutur. Təşəbbüskarlıqda həlledici rol da məhz onlara məxsusdur. Ailə təsərrüfatlarının inkişaf etdirilib onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər, bu mənada, sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaradıb. Belə ki, sahibkarlığın inkişafının bir yolunun da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçdiyini deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ailə təsərrüfatlarının həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verdiyini vurğulayıb. Ailə təsərrüfatlarının inkişafı rayon və kəndlərdə özünüməşğulluğun təmin olunması, əhalinin rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2020-ci ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrdən heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, süd məhsullarının emalı və qablaşdırılması, unlu-qənnadı məmulatların paketlənməsi üçün xammalın və taranın alınması, qovurmanın qablaşdırılması məqsədilə 44 ailə təsərrüfatına 510 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkarlara, iş adamlarına daim dəstək göstərməsi iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə öz töhfəsini verir.