CƏMİYYƏT
Bu ilin ötən dövründə özünüməşğulluq proqramı çərçivəsində 1,1 min nəfərə aktivlər verilib
Bakı, 1 avqust, AZƏRTAC
Ötən il özünüməşğulluq proqramı çərçivəsində 6 min ailə mikro və kiçik biznesə başlamaq üçün aktivlərlə təmin edilib. Dövlət başçısının göstərişinə əsasən, bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edilib və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il həmin proqramla əhatə edilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev özünüməşğulluq proqramı haqqında danışarkən deyib: “Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir”.
Müşavirədə nazir bu ilin ötən dövründə özünüməşğulluq proqramı üzrə artıq 4 min nəfərin təlimlərdən keçirildiyini, 1100 nəfərə isə aktivlərin verildiyini bildirib. Onun verdiyi məlumata görə, əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən aktivlə təmin ediləcəkdir. Dövlət başçısının göstərişlərinə uyğun olaraq, Dünya Bankı ilə müzakirələr yekun mərhələyə çatıb: “Sentyabr ayında Dünya Bankı layihə təklifini Azərbaycan Hökumətinə təqdim edəcək və gələn ildən bu layihəyə qoşulacaq”.