DÜNYA
Budapeştdə daşınmaz əmlak bazarında bum yaşanır
Budapeşt, 16 fevral, AZƏRTAC
Macarıstanda daşınmaz əmlak xidməti təqdim edən şirkətin “Global Residential Cities Index - Q3 2018” adlı hesabatına görə Budapeşt dünyanın 150 şəhəri arasında ən yüksək 12 aylıq artım nümayiş etdirir. Bununla yanaşı, şəhər yalnız Sian (Çin) və Əhmədabaddan (Hindistan) geri qalır.
AZƏRTAC xəbər verir ki, 2017-ci ilin üçüncü rübündən 2018-ci ilin üçüncü rübünədək Macarıstan paytaxtında mənzillərin qiymətində 19 faiz artım müşahidə olunur. Agentliyin hesabatına görə, ilk onluğa Avropanın yalnız üç şəhəri - 16,6 faiz artımla Portu (Portuqaliya), 15,7 faiz artımla Rotterdam (Niderland) və 13,1 faiz artımla Amsterdam (Niderland) daxildirlər.
Hesabatda həmçinin qeyd edilir ki, bütövlükdə Avropa üzrə mənzillərin qiymətindəki illik artım 2017-ci ilin üçüncü rübündəki 5 faizlik artımla müqayisədə 4,2 faiz olub. Eyni zamanda, Asiya-Sakit okean regionu 6,2 faiz artımla siyahıda birincidir ki, bu da ötən illə müqayisədə 3 faiz çoxdur.
Dünyanın 150 ölkəsində mənzillərin qiymətlərinin izlənilməsi məqsədilə “Global Residential Cities Index - Q3 2018” hesabatında rəsmi dövlət statistikasının və ya Mərkəzi Bankın göstəricilərindən istifadə edilir.