SİYASƏT
C.BUŞ: BİZ İRAQDA AZADLIQ SƏLTƏNƏTİ QURACAĞIQ
Prezident İraqın yeni rəhbərliyini demokratiyanın düşmənlərindən qorumaq üçün oraya əlavə qüvvələr göndəriləcəyini istisna etməmişdir. Onun fikrincə, İraqda təxminən 138 min ABŞ hərbi qulluqçusu olacaqdır. İndi isə orada onların sayı 115 min nəfərdir.
Ağ evin başçısı yarımsaatlıq nitqində İraqı azadlıq və demokratiyadan ayıran və amerikalıların köməyi ilə dəf ediləcək beş addımı da sadalamışdır. Bu addımlar iyunun 30-da hakimiyyətin İraq hökumətinə verilməsindən, “qaynar” bölgələrdə asayişin və təhlükəsizliyin bərqərar olunmasından, beynəlxalq yardımın artırılmasından, ölkənin bərpa edilməsindən və ümumi seçkilərə hazırlıq görülməsindən ibarətdir.
ABŞ Prezidentinin sözlərinə görə, koalisiya qüvvələrinin və iraqlıların düşmənləri eynidir - bunlar terrorçular, silahlı qiyamçılar və Səddam Hüseynin tərəfdarlarıdır. O, çıxışına yekun vuraraq demişdir: “Tarix bir yerdə dayanmır və ya ümidə, ya da faciəyə doğru irəliləyir. Biz sinə gərəcək və bu düşmənin axırına çıxacağıq, müharibə və mübarizə ilə düşmənin əlindən alacağımız bu ölkədə azadlıq səltənəti quracağıq”.