DÜNYA
ÇİNİN KOSMİK PROQRAMI
Çin yaxın üç il ərzində özünün ilk pilotlu kosmik gəmisini buraxmaq niyyətindədir. “Lyaovan” jurnalı xəbər verir ki, gəmidə iki, yaxud üç kosmonavt olacaqdır.
İndi namizədlər hazırlanır. İlk qrup hər biri ən azı min saat uçuşda olmuş təcrübəli təyyarəçilərdən toplanmışdır. Gələcək kosmonavtların hamısının müxtəlif elmlər üzrə ən azı bakalavr dərəcəsi vardır. Namizədlərdən ikisi 1996-cı ildə Moskvada xüsusi hazırlıq proqramı keçmişdir.
Elə o vaxt Pekin yaxınlığında öz miqyasına görə dünyada üçüncü sayılan Kosmonavtların hazırlanması mərkəzi yaradılmışdır.
SSRİ-dən və ABŞ-dan sonra Çin öz gücü ilə kosmosa adam çıxarmış üçüncü ölkə olmaq ümidindədir. Çinlilər kosmik gəmini uğurla buraxmaq üçün əsas texnologiyaları - artıq mənimsəmişlər.
İTAR-TASS-ın verdiyi xəbərə görə, kosmosa uğurlu uçuşdan sonra Çin özünün uzunmüddətli kosmik proqramını gerçəkləşdirməyə başlayacaqdır. Proqramda orbital stansiyanın yaradılması və Aya uçuş nəzərdə tutulur.