DÜNYA
Çin Kommunist Partiyasının 20-ci qurultayı keçirilir VİDEO
Pekin, 16 oktyabr, AZƏRTAC
Pekinin Xalq Yığıncaqları Sarayında Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının siyasi həyatında ən mühüm hadisələrdən olan partiyanın budəfəki qurultayına 2296 nümayəndə və 14 xüsusi dəvət olunmuş şəxs qatılıb. Qurultay nümayəndələri 96 milyondan çox üzvü olan ÇKP-nin 4,9 milyon ərazi ilk təşkilatını təmsil edir.
Qurultayın açılış mərasimində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, ÇXR Sədri Si Cinpin çıxış edərək partiyanın 2017-ci ildə keçirilmiş 19-cu qurultayında formalaşmış Mərkəzi Komitəsinin hesabat məruzəsini təqdim edib.
Oktyabrın 22-dək davam edəcək 20-ci qurultayda partiya rəhbərliyinin yeni tərkibi formalaşacaq. Belə ki, partiyanın təxminən 200 nəfər üzvü olan Mərkəzi Komitəsinin, Mərkəzi Komitənin 25 nəfərlik Siyasi Bürosu və büronun 7 nəfərlik daimi komitəsinin tərkibi müəyyənləşəcək. Mərkəzi Komitənin qurultay bitəndən dərhal sonra keçiriləcək ilk plenar iclasında məhz bu 7 nəfərdən biri ÇKP-nin Mərkəzi Komitəsinin baş katibi seçiləcək.
Rəsmi mənbələr Mərkəzi Komitənin baş katibi vəzifəsinə kimin əsas namizəd olduğunu açıqlamasa da, xarici ekspertlər məhz hazırkı baş katib Si Cinpinin yenidən bu vəzifəyə seçiləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Əgər bu baş verərsə, onda Çin kommunist inqilabının lideri Mao Cedondan sonra ilk dəfə olaraq bir şəxs 2 dəfədən çox partiya rəhbəri seçilmiş olacaq. ÇKP-nin Mərkəzi Komitəsinin baş katibi seçilən şəxs Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının növbəti illik iclasında Çin Xalq Respublikasının sədri vəzifəsinə yeganə namizəd olur. Bundan başqa, partiyanın rəhbəri Çin silahlı qüvvələrinin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın sədri vəzifəsini də yerinə yetirir. Bu baxımdan, əgər Si Cinpin 3-cü dəfə partiyanın rəhbəri seçilərsə 20-ci qurultay Çin Xalq Respublikası üçün tarixi əhəmiyyət daşımış olacaq.
Partiyanın qurultayında bundan başqa, ölkə üçün mühüm qərarlar qəbul ediləcək və növbəti beş il üçün nəzərdə tutulan inkişaf planı təsdiqlənəcək, partiyanın mərkəzi komissiyalarının gördüyü işlərə dair hesabat məruzələri dinlənəcək, nizamnaməyə təklif olunan düzəlişlər və cari məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, 1921-ci ildə yaradılan Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra inqilab sayəsində hakimiyyətə gəlib və Çin Xalq Respublikası yaradılıb. ÇKP üzvlərinin sayına görə dünyada ən böyük siyasi partiyalardan biridir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin