DÜNYA
Çin nüvə arsenalını minimum səviyyədə saxlamaq niyyətindədir
Bakı, 30 noyabr, AZƏRTAC
Çin nüvə başlıqlarının sayını milli təhlükəsizliyi qorumaq üçün lazım olan minimum səviyyədə saxlayacaq.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan çərşənbə günü keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Çinin nüvə silahları ilə bağlı siyasəti aydın və ardıcıldır. ÇXR ənənəvi olaraq müdafiə xarakterli nüvə strategiyası yürüdür və nüvə arsenalını milli təhlükəsizlik mülahizələrinin tələb etdiyi minimum səviyyə ilə məhdudlaşdırmağa çalışır.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin bildirib ki, ÇXR-in nüvə arsenalının mümkün genişləndirilməsi ilə bağlı Pentaqonun ritorikası onun öz nüvə silahını artırmasına haqq qazandırmaq cəhdidir.
Pentaqon dünən Çinin hərbi gücü ilə bağlı növbəti illik hesabatını açıqlayıb. Hesabatda deyilir ki, ABŞ Çinin 2035-ci ilədək təxminən 1500 nüvə başlığı yerləşdirməyə və ordusunun modernləşdirilməsi prosesini başa çatdırmağa qadir olmasından çıxış edir. Sənəd baxılmaq üçün ABŞ Konqresinə təqdim olunub. Onun müəlliflərinin fikrincə, Çinin nüvə silahı istehsalının tempini sürətləndirdiyi açıq-aydın görünür.