DÜNYA
Çin qanunverici orqanının təxirə salınan illik sessiyası başlayıb VİDEO
Pekin, 22 may, AZƏRTAC
Çinin paytaxtı Pekində 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) koronavirus böhranı ilə əlaqədar təxirə salınmış üçüncü sessiyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər. Əvvəlcə Çində yeni növ koronavirus (COVID-19) qurbanlarının və epidemiya ilə mübarizədə həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Çin Dövlət Şurasının sədri (Baş Nazir) Li Keçyan hökumətin hesabatını təqdim edib.
Mayın 28-dək davam edəcək sessiyada ölkə həyatının müxtəlif sahələrinə aid məsələlərlə bağlı müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq. Sessiyanın gedişində hökumətin hesabatı müzakirə olunacaq, ötən il üçün milli iqtisadi və sosial inkişaf planının nəticələri, büdcənin icrası müzakirə olunacaq, cari il üçün plan və büdcə təsdiqlənəcək, Mülki Məcəlləyə dəyişiklik və Honkonq xüsusi inzibati bölgəsinin hüquq sisteminin və qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı ÜXNY-nin Daimi Komitəsinin təqdim etdiyi qanun layihələrinə baxılacaq. Bundan əlavə, Yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinləniləcək, digər ölkə əhəmiyyətli məsələlərə baxılacaq.
Qeyd edək ki, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. Yığıncaq Çin Xalq Respublikasının Sədrini və onun müavinlərini seçir, Dövlət Şurasının (Nazirlər Kabineti) sədrini və Şuranın digər üzvlərini təsdiq edir, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir.
Ümumçin Xalq Nümayəndələri Yığıncağının hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
Yığıncağın ildə bir dəfə keçirilən sessiyası adətən martın əvvəlində baş tutur. Amma COVID-19 böhranı ilə əlaqədar builki sessiyanın planlaşdırılan vaxtda təşkili mümkün olmamışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin