DÜNYA


Çin və Hindistan sərhəddə gərginliklə bağlı razılığa gəliblər

Pekin, 12 sentyabr, AZƏRTAC

Çin və Hindistan iki ölkə arasında sərhəd məsələsi ilə bağlı gərginliyə dair 5 bəndlik razılığa gəliblər.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, sözügedən razılıq Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər nazirlərinin Moskvada keçirilən zirvə görüşü çərçivəsində iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri - Van İ və Subrahmanyam Cayşankarın geniş müzakirələrinin yekununda əldə olunub. Məsələyə dair yayılmış birgə bəyanatda qeyd olunur ki, tərəflər sərhəd zonasında gərginliyin azaldılması və oraya cəlb olunmuş hərbi qüvvələrin geri çəkilməsinə razılıq veriblər. Bundan başqa, iki ölkə arasında münasibətlərin inkişafı üçün müxtəlif məsələlərə fərqli yanaşmaların mübahisələrə çevrilməməsi barədə razılıq əldə olunub.

Tərəflər, həmçinin sərhədyanı rayonlarda sülhün və əmin-amanlığın qorunub saxlanması və möhkəmləndirilməsi üçün yeni etimad tədbirlərinin görülməsi ilə bağlı işləri sürətləndirməyi qərara alıblar.

Çinin Xarici İşlər naziri Van İ Çin və Hindistanın bir-birinə rəqib və ya təhdid deyil, əməkdaşlıq üzrə tərəfdaşlar, bir-birinin inkişafı üçün imkanlar olduğunu bildirib. O, iki böyük və inkişaf edən ölkənin qarşıdurmaya və şübhəyə deyil, əməkdaşlığa, qarşılılıqlı etimada ehtiyac duyduğunu deyib.

Hindistanın Xarici İşlər naziri Subrahmanyam Cayşankar da ölkəsinin Çinlə sərhəd gərginliyinin yüksəlməsini istəmədiyini bildirib.

Qeyd edək ki, iyunun 15-də iki ölkənin öz ərazisi hesab etdiyi Qalvan çayı vadisində nəzarət xəttində toqquşma baş verib. Rəsmi Dehli Hindistan tərəfindən 20 hərbçinin öldüyünü açıqlayıb. Bildirilir ki, 6 saata yaxın davam edən toqquşma zamanı tərəflər bir-birinə daş və bərk cisimlər tullayıblar. Bu, tərəflər arasında sərhəd zonasında ilk “daş döyüşü” olmasa da, 1975-ci ildən bəri ölümlə nəticələnən ilk toqquşmadır. Hadisə zamanı Çin tərəfdən də ölənlərin olduğu bildirilsə də, Pekin ölü və yaralı sayı barədə açıqlama verməyib. Tərəflər qarşıdurmaya görə bir-birini ittiham ediblər. Sərhəd toqquşması iki ölkə arasında gərginliyin artması ilə nəticələnib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.