DÜNYA
Çində ali məktəbə qəbul imtahanlarının vaxtı dəyişdirilib
Pekin, 31 mart, AZƏRTAC
Çinin Təhsil Nazirliyi ali məktəblərə qəbul imtahanlarının (“Gaokao”) nəzərdə tutulduğu vaxtdan bir ay gec keçirilməsinə qərar verib.
AZƏRTAC nazirliyin məlumatına istinadla xəbər verir ki, bütün abituriyentlər üçün məcburi olan Çin dili və riyaziyyat fənnindən imtahanlar iyulun 7-də, humanitar və texniki istiqamətlər üzrə digər fənlərdən isə iyulun 8-də keçiriləcək. Bu, son 17 ildə qəbul imtahanlarının ilk dəfə təxirə salınmasıdır. Xarici dil fənnindən imtahan daha sonra təşkil olunacaq.
Paytaxt Pekin və yeni növ koronavirusun (COVID-19) infeksiyasından ən çox əziyyət çəkən Hubey vilayətinin rəhbərliyi virusla bağlı şəraitə uyğun olaraq qəbul imtahanlarının daha sonraya keçirilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilər.
Qeyd edək ki, Çində COVID-19 infeksiyasının sürətlə yayılması ilə əlaqədar Təhsil Nazirliyi orta məktəblərdə yaz semestrinin başlamasını təxirə salmışdı. Son günlər epidemioloji vəziyyətin yaxşılaşması nəticəsində bəzi vilayətlərdə orta məktəblərin son siniflərində dərslər bərpa olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin