DÜNYA
Çində qarlı hava səbəbindən 187 uçuş təxirə salınıb VİDEO
Pekin, 19 noyabr, AZƏRTAC
Çinin şimal-şərqindəki Heyloncian vilayətində qarlı və şaxtalı hava şəraiti səbəbindən hava limanlarının fəaliyyəti və avtomobil magistrallarında hərəkət dayandırılıb.
AZƏRTAC vilayətin hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, meteorologiya bürosu hava şəraiti ilə əlaqədar ən yüksək səviyyədə xəbərdarlıq elan edib, habelə fövqəladə hazırlıq dərəcəsini qaldırıb. Harbin və Mudancian şəhərlərində 17 santimetr hündürlüyündə qar yağıb. Harbin şəhərindəki uşaq bağçalarının və orta məktəblərin fəaliyyəti dayandırılıb.
Vilayətin paytaxtı olan Harbin şəhərindəki hava limanında ümumilikdə 187 uçuş təxirə salınıb. Əvəzində dəmir yolunda xəttə əlavə qatarlar buraxılıb.
Meteorologiya bürosu Harbin, Mudancian, Çitayhe və Cisi şəhərlərində yolların buz bağlaması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin