DÜNYA
Çində torpaq sürüşməsi nəticəsində 4 nəfər dağıntı altında qalıb
Pekin, 6 iyul, AZƏRTAC
Çinin cənub-qərbindəki Siçuan vilayətində mövsüm yağışları səbəbindən baş verən torpaq sürüşməsi nəticəsində 4 nəfər dağıntı altında qalıb.
AZƏRTAC vilayət hökumətinin məsələ ilə bağlı açıqlamasına istinadla xəbər verir ki, hadisə səhər erkən saatlarda Aba-Tibet muxtar rayonunun Siaocin qəzasında baş verib. Təbii fəlakətlə əlaqədar 2-ci dərəcədə fövqəladə hazırlıq səviyyəsi elan edilib. Hazırda dağıntı altında qalanların axtarışları aparılır.
Qeyd edək ki, Çində mayın son günlərindən başlayan mövsümü yağışların törətdiyi sel, daşqın, torpaq sürüşməsi, palçıq axını və digər səbəblərdən ümumilikdə 121 nəfər ölüb və ya itkin düşüb. Çinin Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, təbii fəlakətin vurduğu maddi ziyan 41,64 milyard yuan (5,9 milyard ABŞ dolları) olub. Təbii fəlakət 26 bölgədə 19 milyondan çox adamın həyatına mənfi təsir göstərib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin