İQTİSADİYYAT


Çinin Çindao şəhərində Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi açılıb

Bakı, 27 aprel, AZƏRTAC

Çinin Çindao şəhərində yerləşən Fangyuan İdman Mərkəzində “2021 Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumunun və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi”nin açılış mərasimi keçirilib. Otuzadək ölkənin nümayəndələri də daxil olmaqla bir çox yerli və xarici qonaqların iştirak etdiyi tədbirdə əməkdaşlıq və qarşılıqlı inkişaf məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov, Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurasının sədr müavini, Çinin ŞƏT Biznes Şurasının Ölkə filialının sədri Zhang Şaoqanq və Tacikistan Respublikasının Çindəki səfiri Saidzoda Zohir Ozod açılış mərasimində çıxış ediblər.

Çin Baş Gömrük İdarəsinin Statistika və analitika departamentinin sözçüsü və direktoru Li Kuiven Çin-ŞƏT üzvlərinin ticarət indeksini açıqlayıb. Statistik məlumatlar onu göstərir ki, getdikcə daha da inkişaf edən ticarət əlaqələrinin nəticəsində Çin-ŞƏT üzvləri arasında idxal və ixrac əməliyyatları 2001-ci ildə 17,14 milyard ABŞ dollarından 2020-ci ildə 244,85 milyard dollara yüksəlib və illik artım 15 faiz olub.

Tədbirdə iştirak edən 17 ölkənin 4 qardaşlaşmış şəhəri və 19 parkının nümayəndələri ilə Çindao şəhərinin rəsmiləri və Çin-Şanxay Əməkdaşlıq Təşkilatının Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Nümayiş zonası arasında dostluq münasibətlərinin qurulması, eləcə də ticarət və logistika, yeni enerji, yüksək səviyyəli istehsal, mədəni turizm və biodərman istehsalı kimi sahələrdə ümumi dəyəri 66,8 milyard Çin yuanı olan 20 layihənin həyata keçiriməsində əməkdaşlıq barədə anlaşma memorandumları imzalanıb.

Çin Kommunist Partiyasının Çindao Komitəsinin Daimi Komitəsinin üzvü, partiyanın Çiaojou Komitəsinin katibi və Kommunist Partiyasının İşgüzar Komitəsinin katibi və Nümayiş zonasının İnzibati Komitəsinin direktoru Liu Çianjun qonaqlara sərginin nümayiş zonası ilə bağlı məlumat verib.

Qazaxıstan Respublikasının Çindəki səfiri Qabit Koişibayev, Pakistanın Çindəki səfiri Moinul Haque və digər qonaqlar “ikitərəfli və çoxtərəfli yerli iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi və yeni beynəlxalq şəraitdə daha yüksək səviyyəli açıq və şəffaf iqtisadiyyatın təşviqi” mövzusunda çıxışlar ediblər.

Açılış mərasimindən sonra qonaqlar ekspozisiya zonasında olan müxtəlif ölkələrin pavilyonlarını ziyarət ediblər.

Qeyd edək ki, 3 gün davam edəcək ŞƏT-in Çindao Forumu ilə yanaşı, ŞƏT üzvlərinin də tanıtım kampaniyaları keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.