İQTİSADİYYAT
Çinin ICBC bankı Azərbaycanın bank sektoru ilə maraqlanır
Bakı, 7 iyul, AZƏRTAC
Aktivlərinin həcminə görə dünyanın ən böyük bankı olan Çin Sənaye və Kommersiya Bankı (Industrial and Commercial Bank of China - ICBC) Azərbaycanın bank sektoru ilə əməkdaşlıqda maraqlıdır.
AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, qurumun prezidenti Zakir Nuriyev, ABA-nın icra aparatının rəhbəri Yunus Abdulov, "Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə" Ekspert Qrupunun sədri Zakir Kazımov ICBC-nin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qonaqlara ölkə iqtisadiyyatı, hazırda aparılan geniş islahatlar, investisiya imkanları və Azərbaycanın bank sektoru barədə məlumat verilib, həmçinin ABA-nın bank-maliyyə sahəsindəki fəaliyyəti, müvafiq dövlət orqanları və öz üzvləri ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Bankın nümayəndələri ICBC-nin beynəlxalq və regional işləri, əlaqədar strateji hədəfləri, region ölkələri və xüsusilə də ölkəmizlə əlaqədar biznes maraqları barədə fikirlərini bölüşüb və Azərbaycan bank sektoru ilə bağlı maraqlarını ifadə ediblər.
Görüşdə ABA ilə ICBC arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, 1984-cü ildə əsası qoyulan ICBC-nin aktivləri hazırda 3.47 trilyon dollar təşkil edir.