MƏDƏNİYYƏT
“Çıraqqala” abidəsində bərpa-konservasiya işləri davam edir
Bakı, 11 iyun, AZƏRTAC
Şabran rayonunda yerləşən “Çıraqqala” abidəsində aparılan bərpa-konservasiya işləri ilə tanışlıq məqsədilə Mədəniyyət Nazirliyinin nümayəndələri əraziyə baxış keçirib.
AZƏRTAC xəbər verir ki, dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılır.
Baxış zamanı jurnalistlərə müsahibə verən mədəniyyət naziri Anar Kərimov bildirib ki, Böyük İpək Yolunun qorunması məqsədini daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan “Çıraqqala” dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Qala Sasani hökmdarları tərəfindən V-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub. O, Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. Bu qüllə müşahidə və işarəvermə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinədək dəniz sahili boyu təxminən 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya biliblər. Düşmən ordularının hücumları zamanı qalada tonqallar qalanar və həyəcan siqnalı digər qala və məntəqələrə çatdırılardı.
Nazir qeyd edib ki, iki qala və səddin böyük bir hissəsi uçub dağılsa da, “Çıraqqala” müasir dövrümüzədək gəlib çatıb. Məqsəd 2019-cu ilin iyul ayından başlanan bərpa-konservasiya işlərini mümkün qədər qısa vaxta tamamlamaqdır. Bu qısa zamanda tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədilə ərazidə yerləşən meşənin içindən qalayadək eni 2 metr, uzunluğu 530 metr olan yol salınıb, tam yararsız vəziyyətə düşmüş körpü qaya daşları ilə bərpa olunub, sıldırım qayalar üzərində qala ətrafı ayaqaltılar quraşdırılıb, baş bürcün dağılmış hissələri bərpa olunub, körpü ilə qala arasında qayalar üzərindən yol çəkilib və taxtadan asma pillələr düzəldilib.
“İstəyimiz ondan ibarətdir ki, bizə qalan bu tarixi mirasın bərpasını təmin edək və gələcək nəslə ötürək. Həmçinin istəyirik ki, belə bir müstəsna əhəmiyyət kəsb edən abidəni beynəlxalq səviyyədə də təbliğ edək. Bununla bağlı planlarımız var. Gələcəkdə bu abidənin və digər istehkam qurğularının UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi istiqamətində də işlər aparmağı düşünürük. Buna görə də 2019-cu ildən başlanan bərpa-konservasiya işlərinin bu ilin sonunda bitməsi nəzərdə tutulub. Burada bürclərin bərpası və ümumilikdə möhkəmləndirmə işləri aparılır. Eyni zamanda, buranın turizm potensialının da gücləndirilməsini planlayırıq. Bununla bağlı bəzi layihə və konsepsiyalarımız var. Bərpa işlərində Azərbaycanın yerli ekspertləri iştirak edir. Onu da qeyd edim ki, bərpa işləri heç də asan şəraitdə keçirilmir. Eyni zamanda, buraya xarici ekspertləri də dəvət etmişik. Onlar gəlib və gördüyümüz işləri yüksək qiymətləndiriblər”, - deyə Anar Kərimov əlavə edib.
Qeyd edək ki, tarixi abidə möhtəşəm görünüşü və tikinti xüsusiyyətləri ilə inşa edildiyi ərazidə dominant rol oynayaraq, yerləşdiyi məkanın simvoluna çevrilmişdir. Təqribən 2 hektarlıq ərazini əhatə edən “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qala və qoruyucu divarların iri miqyasları, onların uzun müddətdə, çoxsaylı insan əməyi ilə ərsəyə gəldiyindən xəbər verir.
“Çıraqqala” müdafiə kompleksinin divarları böyük həcmli daş hörgüdən ibarət olub. Qalanın baş bürcü qaya üzərində yerləşməyinə baxmayaraq, qaya ilə hörgünün birləşdiyi yerdə hörgüdə böyük aşınma və dağıntılar baş vermişdi. Digər bürc və divarlarda da vəziyyət ürəkaçan olmayıb, qalanın salamat qalan yerlərinin üzlük hörgü hissələrində dağıntılar əmələ gəlmişdi.