CƏMİYYƏT
“Çiyin-çiyinə bir yumruq kimi” layihəsi başa çatıb
Bakı, 20 may, AZƏRTAC
“YAŞAT” Fondunun və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Çiyin-çiyinə bir yumruq kimi” layihəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 50-yə yaxın qazi mayın 12-dən 19-dək Türkiyənin Alanya şəhərində bir çox tədbirlərə qatılıblar. Onlar Alanya Bələdiyyəsinin dəvəti ilə görüşdə iştirak ediblər. Bələdiyyə nümayəndələri qazilərimizə türk xalqının sevgisini, dostluğunu və səmimi sözlərini çatdırıblar. Həmçinin “YAŞAT” Fondunun təqvimi və jurnalı qazilərimiz tərəfindən onlara təqdim olunub.
Qazilərimiz, həmçinin bölgənin görməli yerlərini və tarixi məkanlarını ziyarət edib, kanatla şəhərin ən hündür nöqtəsi, Alanyanın məşhur qalası, Dim və Damlataş mağaralarını ziyarət ediblər. Qazilərimiz onlar üçün ayrılan xüsusi yaxtada bir günü də Aralıq dənizində keçiriblər.
Layihə çərçivəsində qazilərimiz mədəniyyətlərin və təcrübələrin mübadiləsi məqsədilə təşkil olunan müxtəlif tədbirlərə qatılıb, “Alanyaspor” - “Qaziantepspor” futbol maçına xüsusi dəvətli olaraq oyunu canlı izləyiblər. Oyun öncəsi “Alanyaspor” futbol klubunun prezidenti meydanda qazilərimizlə görüşüb, onlara hədiyyələrini təqdim edib.
Layihə mayın 19-da uğurla başa çatıb.