MƏDƏNİYYƏT
“Çovdar çörəyi” - yazıçı Əlibala Məhərrəmzadənin yeni romanı belə adlanır
Bakı, 10 noyabr, AZƏRTAC
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” romanının təqdimatı olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qurumun direktoru Misirxan Həsənov gənclərimizin maariflənməsi, onların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıyan kitab təqdimatlarının keçirilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, Ə. Məhərrəmzadənin mənəvi-əxlaqi mövzuda qələmə aldığı romanı, olduqca maraqlı süjet xəttinə malik olan dramatizmlə dolu ata-oğul münasibətinə, ümumən valideyn və övlad arasında yaranan uçurumun dərinliyinə diqqət çəkir.
Tədbirin aparıcısı, kitabın redaktoru Varis Yolçuyev deyib ki, kitabda öncə detektiv ovqat duyulsa da, bu tam bir fərqli romandır, əsərdə daha çox psixoloji triller hiss edilir.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi romandan çox təsirləndiyini qeyd edib. Təqdimat mərasimində tanınmış ədəbi tənqidçi Vaqif Yusifli romanı yüksək qiymətləndirib.
Romanda valideynlərlə övladlar arasındakı münasibətin, xüsusilə də ata-oğul münasibətinin fərqli çərçivə əsasında işləndiyini və romanın geniş oxucu kütləsinin marağına səbəb olacağı diqqətə çatdırılıb.
Tədbir roman ətrafında müzakirələrlə davam edib.