Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“CİNAYƏT YOLU İLƏ ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN LEQALLAŞDIRILMASINA VƏ TERRORÇULUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI MÜBARİZƏ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Bankı yanında Maliyyə Monitorinqi Xidməti yaradılsın.

Azərbaycan Respublikasının Milli Bankı bir ay müddətində Azərbaycan Respublikasının Milli Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. həmin Qanunun 8.1-ci və 8.3-cü maddələrinə uyğun olaraq maliyyə monitorinqi orqanına təqdim edilən məlumatların tərtib olunma formasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.5. öz səlahiyyətləri daxilində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Müəyyən edilsin ki:

4.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci və 17.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

4.2. həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

4.3. həmin Qanunun 6.1.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir;

4.4. həmin Qanunun 6.1.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

4.5. həmin Qanunun 6.1.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir;

4.6. həmin Qanunun 6.1.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini qeyri-hökumət təşkilatlarına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirirlər;

4.7. həmin Qanunun 6.1.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

4.8. həmin Qanunun 8.1-ci və 8.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;

4.9. həmin Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş “maliyyə monitorinqi orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Bankı yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirir;

4.10. həmin Qanunun 17.5-ci və 18.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin