SİYASƏT
Cavanşir Feyziyev xarici KİV-lərə müsahibəsində Ermənistanın atəşkəs rejimindən sui-istifadə aktını barbarlıq və hərbi cinayət adlandırıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Belçikanın “EU Tribune”, Böyük Britaniyanın “London Post” saytlarına və Türkiyənin Anadolu Agentliyinə növbəti dəfə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, deputat oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar məqsəd daşıyan atəşkəs zamanı Ermənistan tərəfindən Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhərlərini və kəndlərini ağır artilleriya silahlarından və raketlərdən istifadə etməklə atəşə tutması barədə ətraflı məlumat verib. Gəncədə şəhər mərkəzinin raket atəşinə tutulması nəticəsində 10 nəfər dinc sakinin həyatını itirməsini və 30-dan çox vətəndaşın isə yaralandığını bildirən C.Feyziyev Ermənistanın atəşkəs rejimindən sui-istifadə aktını barbarlıq və hərbi cinayət adlandırıb.
Deputat bildirib ki, Ermənistanın bilərəkdən dinc vətəndaşları hədəfə alması mülki əhali arasında vahimə yaratmaq məqsədi güdür və beynəlxalq hüquq qanunlarına görə Ermənistanın bu addımı müharibə cinayəti olaraq qiymətləndirilir. Deputat xarici mediaya müsahibəsində deyib: “Ermənistan bu addımları ilə münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir, Azərbaycanı daha genişmiqyaslı əməliyyatlara cəlb etməyə və üçüncü tərəflərin də münaqişəyə cəlb olunmasına çalışır. Ümid edirik ki, dünya birliyi təcavüzkarın çirkin niyyətlərinin qarşısını almaq üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək və nəhayət Azərbaycan öz ərazisində daimi sülhün bərqərar olunmasını təmin edəcək”.