MƏDƏNİYYƏT
Cəbiş müəllim obrazı ilə yaddaşlara hopmuş Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub
Bakı, 15 oktyabr, Ceyhun Alışov, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq Artisti, tanınmış teatr və kino aktyoru Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə yubiley iştirakçıları unudulmaz sənətkarın zəngin yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar Artist Almaz Mustafayeva və başqaları sənətkarın həyat və yaradıcılığından geniş söz açıblar.
Vurğulanıb ki, aktyorun yaradıcılığının düz 63 ili Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Onun bir növ ömür yolunun bələdçisi olan bu teatr S.Ələsgərovu xalqa sevdirib, burada fəxri adlara, mükafatlara layiq görülüb. Onun bu teatrda yaratdığı rolları saymaqla qurtaran deyil. Polad (“Qızıl quş”, Mirmehdi Seyidzadə), Fərzəli bəy (“Nəsrəddin”, Yusif Əzimzadə), Aqşin (“Babək”, Əbil Yusifov), Müşavir (“Qarlar Kraliçası” , Yevgeni Şvarts) və digər rolları ona böyük şöhrət qazandırıb. Süleyman Ələsgərov təkcə Azərbaycan dramaturqlarının əsərlərində deyil, Avropa və rus klassiklərinin əsərlərində də maraqlı rollar yaradıb. Onun maraqla baxılan rolları sırasında Eldostu (“Çiçəkli dağ”, Məmmədhüseyn Təhmasib), Hacı Nuru və Molla Salman (“Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə), Valentin və Pontolone (“İki ağanın bir nökəri”, Karlo Haldoni), Molla Səfi və Hacı Qəmbər (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Lorenso (“Romeo və Cülyetta”, Uilyam Şekspir), Yaşar (“Yaşar”, Cəfər Cabbarlı) və s. qəhrəmanları da var.
Onun yaradıcılığının özəyi, mayası əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə yoğurulmuşdur. Personajların ifası psixoloji dramatizmi, komik və satirik rolların təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi.
Diqqətə çatdırılıb ki, S.Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox filmlərdə epizodik rollarda çəkilib. “Yenilməz batalyon”, “Babamızın babasının babası” “Bakıda küləklər əsir”, “Bəxtiyar”, “Bir ailəlik bağ evi”, “Bir cənub şəhərində”, “Xatirələr sahili”, “İnsan məskən salır”, “İstintaq davam edir ”, “Torpaq. Dəniz. Od. Səma” və digər filmlərdə o, epizodik rollar yaratsa da, onları sevdirə bilib. Həmçinin S.Ələsgərov bir neçə televiziya tamaşasında, televiziyanın müxtəlif əyləncə proqramlarında özünəməxsus obrazlar yaratmışdır.
Xüsusi olaraq qeyd edilib ki, Süleyman Ələsgərovun oynadığı "Bizim Cəbiş müəllim" filmindəki əsas qəhrəman olan Cəbiş müəllim rolu ekran yaradıcılığında parlaq nümunədir. Doğrudan da, Cəbiş müəllim çətin, məsuliyyət tələb edən bir obraz idi. Lakin bütün bunlara baxmayaraq Xalq Artisti Süleyman Ələsgərov bu rolu tamaşaçılara sevdirə bildi.
Sonda görkəmli sənətkarın çəkildiyi filmlərdən kadrlar nümayiş olunub.