REGİONLAR
Cəbrayıl Həsənov: Çalışıram ki, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edim
Astara, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC
Doğulub boya-başa çatdığım Astaraya tez-tez gəlir, doğmalarıma baş çəkirəm. Astara tanınmaz dərəcədə inkişaf edib. Xəzər sahili boyunca salınmış park-bulvar kompleksi şəhərə xüsusi gözəllik verir. Astaralı idmançıların respublika və beynəlxalq yarışlarda qazandığı uğurlar məni də sevindirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksələrək gümüş medala sahib olan, sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Cəbrayıl Həsənov Astara Pedaqoji Kollecində keçirilən görüşdə deyib.
Görüşdə çıxış edən Kollecin direktoru Ağababa İbrahimov Cəbrayıl Həsənovu dünya çempionatında qazandığı uğur münasibətilə təbrik edərək ona ən xoş arzularını çatdırıb.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafından, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışan A.İbrahimov idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurları bu sahəyə göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib.
Qeyd olunub ki, Budapeştdə keçirilən dünya çempionatında sərbəst güləşçilərimizdən yalnız Cəbrayıl Həsənov mükafatçılar sırasına düşüb. O, final görüşündə ABŞ təmsilçisi Kayl Duqlas Deyklə mübarizə aparıb və ilk dəfə bu mötəbər yarışda gümüş medal qazanıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Cəbrayıl Həsənovun qazandığı uğurlardan danışaraq bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana və idmançılara göstərdikləri diqqət, qayğı nəticəsində bu gün onlar dünya və Avropa yarışlarında yüksək nəticələr əldə edərək, üçrəngli bayrağımızı qürurla dalğalandırırlar.
Bildirilib ki, 1990-cı il fevralın 24-də Astaranın Suparıbağ kəndində anadan olan Cəbrayıl Həsənov 2003-2008-ci illərdə yeniyetmələr və gənclər arasında Avropa və dünya birinciliklərinin mükafatçısı, eyni zamanda, qalibi olub. 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarında qazandığı bürünc medala görə C.Həsənov “Tərəqqi” medalı ilə təltif edilib. O, həmçinin XXXI Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətinə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na, Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşıları” nominasiyasında fəxri diplomuna layiq görülüb.
Görüşdə çıxış edənlər Cəbrayıl Həsənova yeni-yeni qələbə sevincləri arzulayıblar.
Ölkəmizdə idmançılar üçün yaradılan şəraitdən, onlara göstərilən dövlət qayğısından danışan C.Həsənov deyib: “Həmişə döşək üzərinə çıxanda məni izləyən pərəstişkarlarımı, doğmalarımı xatırlayıram. Onlar mənə güc-qüvvət verirlər. Çalışıram ki, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edim”.
Sonda Cəbrayıl Həsənov gənclərin suallarını cavablandırıb.