REGİONLAR
Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksi istifadəyə verilib
Cəlilabad, 6 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin həyətində Vətən müharibəsində şəhid olan məktəbin məzunları - İşiyev Rafail Əhmədağa oğlu və Həbibi Füzuli Nizami oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq-abidə kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində Azərbaycanın Dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən cəlilabadlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Tədbirdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları hər iki şəhidin məzarı önünə gül dəstələri düzərək, onların ruhuna dualar oxuyublar.