CƏMİYYƏT
Cəlilabadda karantin qaydalarını pozaraq piknikə gələn şəxslər saxlanılıblar
Bakı, 30 iyul, AZƏRTAC
Sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq, Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini E.Süleymanzadənin idarə etdiyi “Niva” markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan müvafiq yoxlama zamanı sürücü ilə yanaşı avtomobildə olan 5 nəfər sərnişinin heç bir müvafiq icazə olmadan, karantin qaydalarını pozaraq Bakı şəhərindən Cəlilabada gəldikləri müəyyən edilib. Onların dincəlmək məqsədilə piknik təşkil etmək üçün gəldikləri məlum olub. Həmin 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar. Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.