REGİONLAR
Cəlilabadda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb VİDEO
Cəlilabad, 29 mart, AZƏRTAC
Cəlilabadda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb.
AZƏRTAC xəbər verir ki, maddi mədəniyyət nümunələrinə Cəlilabadın Şatırlı kəndində yerli sakinlər tərəfindən təsadüf nəticəsində rast gəlinib. Onlar arasında daşdan düzəldilmiş bıçaq, məişət əşyası və hətta məktublaşmalar zamanı qəbilə başçısı tərəfindən istifadə olunan və üzərində xüsusi təsvir olan daş da var. Mütəxəssislərin sözlərinə görə, bu tip nümunələrə Altay və Şərqi Anadolu əraziləri boyunca da rast gəlinir.
Tapıntıların birinin üzərindəki işarə Qobustandakı qayaüstü təsvirləri xatırladır.
Tarixçi Elşad Əmənov bildirib ki, maddi mədəniyyət nümunələri arasında müxtəlif silah növləri də var: “Belə silahlardan biri də dəmirdən hazırlanmış döyüş baltasıdır. V-VIII əsrlərə aid olduğu güman edilən bu silahdan döyüşlərdə zireh geyinmiş piyadalara qarşı istifadə olunub”.
Nümunələr arasında qaya daşından hazırlanmış kiçik alət də diqqət çəkir. Mütəxəssislərin sözlərinə görə, hər iki tərəfi oyuq olan daşdan müəyyən əşyaların hazırlanmasında qəlib kimi istifadə edilib.
Tapılmış tarixi nümunələr Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.