REGİONLAR
Cəlilabadda xüsusi karantin rejimi qaydalarını pozan idman zalından satışı qadağan olunmuş dərman həbləri aşkarlanıb
Cəlilabad, 26 noyabr, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlanıb.
İdman zalında məşq etməklə, karantin qaydalarını pozan 5 nəfər barəsində inzibati protokol tərtib edilib.
Bundan əlavə, həmin idman zalına keçirilən baxış zamanı sözügedən obyekti icarə əsasında işlədən Cəlilabad şəhər sakini Bəhruz Ağayevin məşq etmək üçün ora gələn şəxslərə satdığı tərkibində güclü təsiredici maddələr olan və satışı qadağan olunmuş konvalyut və qutularda ümumilikdə 3750 ədəd dərman həbi aşkar edilərək götürülüb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.