SİYASƏT
Cenevrədə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə konsert və rəsmi qəbul keçirilib VİDEO
Cenevrə, 30 may, AZƏRTAC
Mayın 29-da Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Azərbaycanın BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən konsert və rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, altı yüzdən çox qonağın iştirak etdiyi tədbirdə Cenevrədəki diplomatik korpusun nümayəndələri, BMT qurumların rəsmiləri, yerli hakimiyyət orqanlarının əməkdaşları və Cenevrədə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru cənab Frensis Qarri Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, Azərbaycanın BMT-nın fəal üzvlərindən birinin olduğunu vurğuladı. Daha sonra Frensis Qarri rəhbərlik etdiyi beynəlxalq təşkilat ilə Azərbaycan arasında qurulmuş uğurlu əməkdaşlığı yüksək qiymətləndirərək keçən il Bakıya etdiyi rəsmi səfəri və orada keçirdiyi görüşləri böyük məmnuniyyətlə xatırladığını bildirdi.
Azərbaycanın BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov öz çıxışında qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ölkəmizin on milyon vətəndaşı və ölkə hüdudlarından kənarda yaşayan milyonlarla digər soydaşımız tərəfindən təntənə ilə qeyd olunur.
Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik olduğunu diqqətə çatdıran səfir V.Sadıqov ən qədim dövrlərdə Azərbaycan ərazisində müxtəlif dövlətlərin təşəkkül tapdığını və buranın hələ Qafqaz Albaniyası dövründən dünya mədəniyyətinin beşiklərindən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan ərazisində dövlətçilik ənənələrinə toxunan səfir Ərəb Xilafətinin süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərindən və siyasi, iqtisadi, mədəni inkişafdan bəhs edib. XVI əsrdə Şah İsmayıl Xətainin qurduğu Səfəvilər imperiyası dövründə Azərbaycan dövlətinin sahəsi geniş əraziləri əhatə edib, işlək idarəçilik mexanizmləri qurulub və Azərbaycan dili dövlət dili elan edilib. Xanlıqlar dövründə zəif düşən Azərbaycan iki böyük imperiya - Rusiya və İran arasında bölüşdürülsə də, XX əsrin əvvəlində dünyada və regionda baş vermiş hadisələr Azərbaycan xalqının öz milli dövlətini qurması üçün imkanlar açdı.
Daha sonra səfir V.Sadıqov qeyd edib ki, çar imperiyasının süqutundan sonra Azərbaycanın müstəqilliyi üçün tarixi fürsət yarandı. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk parlament respublikası olmuşdur. Cümhuriyyətin ömrü az olsa da, o, Azərbaycan xalqının yaddaşında və onun tarixində dərin iz buraxdı. 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş ölkəmiz Cümhuriyyətin ideallarını gerçəkləşdirir, dinamik inkişaf edən bir dövlət kimi beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşına çevrilib.
Bu gün Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına mühüm töhfələr verdiyini diqqətə çatdıran V.Sadıqov ölkəmizin beynəlxalq hüququn tələb etdiyi kimi, suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə sadiq olduğunu ifadə edib. Ərazisinin iyirmi faizi işğal edilən və bir milyon qaçqın və məcburi köçkünə sahib bir ölkə olaraq Azərbaycan Ermənistandan bölgədəki baş verən son dəyişiklikləri ciddi şəkildə qiymətləndirməyi və Azərbaycana qarşı təcavüzkar siyasətin dayandırılması istiqamətində nəhayət hərəkət etməyə başlayacağını gözləyir. Bununla belə, Ermənistan dərk etməlidir ki, onun siyasətində gözlənilən bu kimi dəyişiklik yaxın zamanda baş vermədiyi təqdirdə sonuncu sülh imkanını əldə etmək üçün bu ölkəyə açılan qapı onun üzünə həmişəlik bağlanacaq.
Daha sonra tədbirin bədii hissəsini açan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Aybəniz Növrəsli Azərbaycan musiqisi tarixi, milli musiqi alətləri və müasir Azərbaycan musiqi ənənələri barədə təqdimatla çıxış edib.
Tədbirdə tarzən Arslan Növrəslinin rəhbərlik etdiyi caz qrupu və pianoçu Nərmin Nəcəfli çıxış ediblər. Konsertdə Astor Piazzola, Vasif Adıgözəlov, Qara Qarayev, Frans List, Herbi Hənkok, Deyv Brubek, Müslüm Maqomayev və digər bəstəkarların əsərləri və caz kompozisiyaları səsləndirilib. Fransada yaşayan cazmen Etibar Əsədli (piano), Samuel Fhima (kontrabas) və Tom Peyronun (zərb alətləri) improvizasiyaları konsertdə əsl caz ab-havası yaradıb. Almaniyada təhsil alan beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Nərmin Nəcəflinin ifasında Azərbaycan və xarici bəstəkarlarının klassik musiqi əsərləri xüsusi maraqla qarşılanıb.
Konsert zalının foyesində Beynəlxalq Bakı Media Mərkəzi tərəfindən təqdim edilmiş Azərbaycanın füsunkar təbiəti, memarlığı, incəsənət və tarixi abidələri əks olunmuş fotosərgi nümayiş etdirilib. Tədbirin sonunda qonaqlara Azərbaycanın milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə