Cənubi Azərbaycanda Füzuli şeir məktəbinin davamçısı – Heyran xanım
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
XIX əsrdə yaşamış və Cənubi Azərbaycanda Füzuli şeir məktəbini davam etdirən şairlərdən olan Heyran xanımın adı ilə bağlı açılmamış səhifələri ilk olaraq görkəmli naşir və publisist Qulam Məmmədli üzə çıxarıb. XX əsrin əvvəllərində Heyran xanımın şəxsiyyəti, həyatı və tərcümeyi-halı haqqında əldə heç bir dəqiq məlumat olmayıb. Yalnız İkinci Dünya müharibəsi ərəfəsində Cənubi Azərbaycanın ədəbiyyatşünaslarından Məhəmmədəli Tərbiyət nəşr etdirdiyi “Daneşməndane-Azərbaycan” (1935) əsərində şair haqqında qısaca məlumat verir. Orada qeyd olunur ki, şair Təbrizdə anadan olub və yaşayıb.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri dosent Günay Verdiyeva söyləyib. O bildirib ki, ancaq müharibə illərində Qulam Məmmədli Mirzə İbrahimovun tapşırığı ilə Heyran xanımın əsərlərini əldə etmək üçün Təbrizə yollanır, orada tacir olan, lakin klassik ədəbiyyatın gözəl bilicisi Hacı Məhəmməd Naxçıvani ilə görüşür. Qulam Məmmədli Hacı Məhəmməd Naxçıvaninin köməyi ilə Heyran xanımın divanını əldə edir və bu divanı 1945-ci ildə əvvəl Təbrizdə (ərəb əlifbası ilə), daha sonra isə Bakıda kitab halında çap etdirir. Təbrizdən gətirilən əl yazısı ilə yazılmış həmin divan isə indi də AMEA Əlyazmalar İnstitutunun Əlyazmalar fondunda saxlanılır. Divandakı beytlərin bir qismi Heyran xanımın Naxçıvanda doğulmasını, əslən isə Cənubi Azərbaycanda olan Dünbüli tayfasından olmasını təsdiq edir. XVIII əsrin 90-cı illərində Naxçıvanda məşhur Kəngərlilər ailəsində doğulan Heyran xanım İran-rus müharibəsinin ilk aylarında ailəsi ilə birlikdə Cənubi Azərbaycana köçürülüb, Təbrizdə və Xoyda yaşayıb, ustad saydığı Füzuli kimi qürbətdə yazıb-yaradıb.
Heyran xanımın özündən sonra 4500 beytdən ibarət divanı qalıb. Şairənin yaradıcılığını araşdırarkən məlum olur ki, o, lirik şeirlərində Füzuli məktəbinin davamçılarından sayılmağa layiqdir. O, klassik poeziyanın qəzəl, müxəmməs, müstəzad, rübai, tərcibənd janrlarında yazıb. Həmçinin Heyran xanım Füzuli və Qövsi Təbriziyə yazılmış nəzirələrin müəllifidir. Heyran xanımın həm Azərbaycan, həm də fars dilində yazılmış şeirləri məhəbbət, Vətən eşqi, həsrətindən doğan kədər, yaşadığı mühitdə hökm sürən qadın hüquqsuzluğundan bəhs edir və buradan şairənin etirazı güclü şəkildə hiss olunur. Bəzi tədqiqatçılar Heyran xanımın şeirlərindəki kədəri onun ailə həyatının uğursuz olması ilə əlaqələndirir, ancaq fikrimizcə, qürbətdəki həyat, doğma diyarından uzaq düşməsi Heyran xanımın ümumi əhval-ruhiyyəsinə böyük təsir edib.
Heyran xanımın qəzəllərində bəzi tarixi hadisələr haqqında məlumat da öz əksini tapıb. Belə ki, şairə XIX əsrdə Təbrizdə baş vermış zəlzələ və vəba xəstəliyinin yayılması, insanların ümidsizliyi, pərişan halları haqqında qəzəl yazıb. Heyran xanım 1848-ci ildə Təbrizdə vəfat edib və orada da dəfn olunub.
Xəbərin mətnində orfoqrafik səhv var